Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi - TORPAQLARDAN QANUNSUZ İSTİFADƏ HALLARININ QARŞISI ALINIR

X Ə B Ə R L Ə R

TORPAQLARDAN QANUNSUZ İSTİFADƏ HALLARININ QARŞISI ALINIR

 03.10.2019

   Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə monitorinqlər davam etdirilir. Komitənin mütəxəssisləri tərəfindən bütün mülkiyyət növləri torpaqlardan istifadə vəziyyəti yoxlanılır, qanunsuz istifadə halları müəyyən edilərək aradan qaldırılır.

   Aparılan növbəti monitorinqlər zamanı Babək rayonunun Zeynəddin kəndində 30 fiziki şəxs tərəfindən bələdiyyə mülkiyyətinə aid 2 hektara yaxın torpaq sahəsinin özbaşına tutulması faktı aşkar olunub. Kənd sakinləri tərəfindən qanunsuz istifadə edilən torpaq sahələrinin metal çəpərləri sökülərək əvvəlki vəziyyətinə qaytarılıb.

   2019-cu ilin ötən dövrü ərzində Babək rayonunun Vayxır, Xalxal və Məzrə kəndlərində də monitorinqlər aparılıb, aşkar olunmuş torpaqlardan qanunsuz istifadə halları aradan qaldırılıb.

   Qeyd edək ki, bu  cür qanunsuz hərəkətlər nəticəsində kənd təsərrüfatına yararlı torpaqların sahəsi azalır, torpaqların məqsədli istifadəsində maneələr yaranır, qanunsuz tikililərin sayı artır. Unutmaq olmaz ki, bu cür hallar həmdə qanunla cinayət məsuliyyəti yaradır.